Laçının işğalınadək Qaragöl ətrafında postlarımız olub
XX əsrin sonunda müstəqilliyimizin bərpasından sonra Azərbaycan Ordusunun ilk nizami alayının – 811 saylı Laçın alayının qurucusu və komandiri olmuş, ehtiyatda olan polkovnik Arif Paşa “Həftə içi”nə növbəti müsahibəsində bu gün – Laçın rayonunun əksər hissəsinin bir güllə atılmadan azad edilmiş olduğu bir dövrdən keçmişə - işğal günlərinə baxışlarından bəhs edib. Polkovnik eyni zamanda hazırda Ermənistanın bütün dünyaya car çəkdiyi Laçın rayonunun qəsbkar ölkə ilə sərhədindəki İşıqlıdağ- Qaragöl məsələsinin mahiyyətini açıqlayıb. Rusiya sülhməramlılarının vaxtından öncə, yəni 5 illik müddət tamamlanmamış Laçın “dəhlizi” və Yuxarı Qarabağdan çıxarılmasının mümkünlüyündən danışıb.
-Arif bəy, bir daha gözünüz aydın olsun. Artıq Laçının işğal tarixini əvvəlki illərdəki kimi böyük hüznlə qeyd etmirik. Çünki müzəffər ordumuzun son müzəffər savaşı sayəsində torpaqlarımızın, o cümlədən Laçın rayonunun əksər hissəsi birbaşa dövlətimizin, ordumuzun nəzarətinə keçib. Son 29 ildə baş vermiş olayların, o cümlədən 44 günlük müharibənin fonunda Laçının işğal səbəbləri haqqındakı fikirlərinizdə dəyişiklik olmayıb ki?
-Xeyr, demək olar ki, eyni fikirdə qalıram. Bu saat bizim Laçının işğalı barədə fikirlərimizi fundamental şəkildə möhkəmlədən amillərdən biri də hazırda Yuxarı Qarabağ, Laçın dəhlizi və Ermənistanla sərhədlərdə gedən proseslərdir. Həmin proseslər onu göstərir ki, hazırda adını “sülhməramlı” qoymuş Rusiya hərbi kontingentinin ərazilərimizdəki real davranışları da buna sübutdur. O vaxt da mən deyirdim ki, ərazilərimizin işğalı Azərbaycanı Rusiyanın təsiri dairəsinə qaytarmağa çalışan qüvvələrin fəaliyyətinin nəticəsi idi. Bu gün həmin fikir bir daha təsdiqləndi. Təbii ki, burada digər faktorlar da var idi.

Amma əsas səbəb bu idi. Hətta bu gün Azərbaycan dövlətinin gücləndiyi, ölkəmizin beynəlxalq müstəvidə müəyyən naliyyətlər əldə edərək konkret yerə malik olduğu, Türkiyənin dünya düzənində gücü və nüfuzunun artdığı bir şəraitdə də hamı Moskvaya bağlı “5-ci kalon”un mövcudluğunu və onun ölkəmizə kifayət qədər ciddi zərbələrini etiraf edir. Halbuki, 1991-1992-cı illərdə əhalinin böyük bir hissəsi “bəlkə də sovetləri qaytardılar” düşüncəsi ilə yaşayırdı və “5-ci kalon” Azərbaycanda müstəsna dərəcədə söz və səlahiyyət sahibi idi, Müdafiə Nazirliyimiz tamamilə Rusiya “QRU”-nun təsiri altında idi. Belə bir şəraitdə Laçını qoruyub saxlamanın özü nə qədər böyük fədakarlıq tələb edirdi. Hələ bu gün - 30 ildən sonra Azərbaycanın iqtisadiyyatının, ordusunun gücləndiyi bir şəraitdə Laçın məsələsində nə qədər əngəllərlə qarşılaşdığımız da göz qabağındadır...
- Bu didərginlik dövründə nə zamansa ağlınızdan keçirdimi ki, Laçın rayonunun əksər hissəsi bir güllə atılmadan azad oluna bilər?
-Təbii ki, həmin 3 onillik ərzində içərimizdə böyük bir sıxıntı var idi. Amma mən daim keçmiş döyüşçü silahdaşlarıma, mediaya müsahibələrimdə də deyirdim ki, Laçının azad olunacağı günü əllərimin içi kimi görürəm. Eyni zamanda hələ neçə illər bundan öncə də demişdim ki, beynəlxalq şərait bizim xeyrimizə dəyişəndə biz, təbii ki, həmin torpaqların alınmasına nail olacağıq. Çünki bu, xalqın əzəli və əbədi torpağıdır və yad, düşmən kimsələrin əlində qala bilməz. Haqq gec-tez öz yerini tapmalıdır...
- Yeri gəlmişkən, son günlər, demək olar ki, bütün super dövlətlər, beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana qarşı bir basqı aləti kimi istifadə olunan Laçın rayonu ilə Ermənistan sərhədindəki İşıqlıdağ-Qaragöl məsələsi haqda sizin fikirləriniz oxucular üçün maraqlı olardı...
Bildiyiniz kimi, 1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qaragöl Dövlət Təbii qoruğu yaradılmışdı. Əgər Qaragöl Azərbaycanın deyildisə, o, necə yaradılmışdı. Bundan əlavə, o ərazidə İşıqlı dağ, Dəmirdaşdağ və Canqurtaran yüksəklikləri var. Bütün bu toponimlərin hamısı türk dilində, Azərbaycan türkcəsində olub. Bu, Çar Rusiyasının xəritələrində də belə olub. Və sərhəd xətti sovet dövründə hazırda bizim ordunun tutduğu mövqelərdən keçib. Sadəcə, ermənilər Kremlin himayəsindən və eyni zamanda bizlərin sadəlöhvlüyündən yararlanaraq müəyyən vasitələrlə sərhəd xəttini tədricən bizim ərazilərimizə doğru genişləndiriblər...
“Rusiya hərbi kontingentinin Laçın “dəhlizi” və Yuxarı Qarabağdan vaxtından öncə çıxarılması üçün əlimizdə kifayət qədər əsas var...”
Laçının Malıbəy kəndində Ermənistanla sərhəddə “Ərəvis düzü” deyilən bir yer var idi. Hələ erməni ekstremizmi açıq şəkildə ayaqlanmamışdan öncə -1980-ci illərin ortalarında mən işimlə əlaqədar rayon mərkəzindən həmin əraziyə gedirdim. Bir dəfə sovxoz direktoru dedi ki, ermənilər hər əkin-biçin işi apararkən təsərrrüfatların arasında olan iri daşları hər dəfə bir traktor bıçağı enində Azərbaycan ərazisinə tərəf irəliləyirlər. Bunu eşidən kimi həmin daşları geriyə itələtdim. Oradakı sovxoz rəhbərləri və sakinlərə isə dedim ki, neçə dəfə erməni bu daşı itələyir, heç olmasa, bir dəfə də siz geri itələyin də, nədən qorxur, ehtiyat edirsiz?.. Yəni, təəssüf ki, sovet dövründə nəinki Laçında, bütün Azərbaycanda rəhbərlikdən ta kolxozçuya, fəhləyədək əksəriyyət bu erməni fitnəkarlığı qarşısında susurdu. Laçında ərazilərin, o cümlədən Qaragöl yaylağının Ermənistana verilməsi cəhdlərinə qarşı çəkinmədən, açıq mübarizə aparan bir neçə nəfər var idi. Onlardan ən fəalları rəhmətliklər - Qarıqışlaq kəndindən Çingiz Mehrəliyev, İbiş Əsgərov və Fazil Abışov idi. Sanki bu vətən, bu torpaq, Laçın, Qarabağ yalnız bu 3 nəfərin idi... Təəssüf ki, rayonun rəsmi strukturları Azərbaycan Mərkəzi Komitəsi və Moskva qarşısında məsələ qaldırmağa cürət etmirdilər. Çünki bu, ermənilərin xoşuna gəlməyən əməl olacaqdı. Ermənilərin xoşuna gəlməyən əməllər isə yuxarılar tərəfindən cəza motivi yaradırdı... Məhz belə laqeydlik, cəsarətsizlik sayəsində ermənilər nəinki Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Gədəbəydə, Qazaxda və s. də “dinc şəkildə” minlərlə hektar torpağımızı ələ keçirirdilər...
Bilirsiz, o dövrdə ermənilərdən fərqli olaraq Azərbaycan cəmiyyəti o dərəcədə sadəlöhvləşmişdi ki, belə proseslərə qarşı ümummili qınaq yox idi... 1980-ci illərin sonunda Laçında mərhum vətənpərvər müəllimimiz Kamal Cabbarovla birlikdə belə bir təşəbbüs irəli sürdük ki, gəlin, rayonun məktəbliləri üçün Qaragölə ekskursiyalar təşkil edək və uşaqlar, gənclər bilsin ki, bu ərazi bizimkidir. Və nəticədə ermənilər də əmin olsun ki, biz torpaqlarımıza sahib çıxırıq və geri çəkilsinlər. Təəssüf ki, nə aşağıdan, nə də yuxarılardan bu təşəbbüsə gerçək dəstək verən olmadı...
-Laçının işğalınadək komandiri olduğunuz alayın Qaragöl, İşıqlıdağ ərazisində postları var idimi?
-Bəli, təbii ki. Qaragöl 1991-1992-ci illərdə, Laçın işğal edilənədək tam şəkildə Azərbaycan ordusunun nəzarətində olub. Laçın alayı Laçın polisi ilə birlikdə rayonun Ermənistanla sərhəddi boyu bütün ərazilərdə postlar qurmuşdu. Qaragöl ətrafındakı yüksəkliklər də bizim əlimizdə olduğundan o dövrdə ermənilər gölə yaxınlaşmağa cürət etmirdilər. Onu da deyim ki, əslində Qaragölün guya yalnız 30 faizinin bizim olması haqda heç bir rəsmi sənəd yoxdur. Yəni sovet dövründə, 1992-ci ilədək bütün rəsmi xəritələrdə Qaragöl bütövlükdə Azərbaycanın olub. Odur ki, burada heç bir real mübahisəyə yer yoxdur. Ordumuz xəritələr üzrə tutduqları mövqelərdən geri çəkilməməlidir...
-XX əsrin sonunda müstəqilliyimizin bərpasından sonra Azərbaycan ordusunun ilk nizami alayını yaratmış bir hərbçi kimi o dövrdən bu günədək Milli Ordumuzun inkişafını necə dəyərləndirirsiz?
-Həmişə deyirəm ki, ordu haqqında danışanda ilk növbədə bizi ermənilərin də eşitdiyini, oxuduğunu düşünmək lazımdır. Odur ki, xırda nüansalrı nəzərə almasaq, demək lazımdır ki, xüsusən son 44 günlük savaşda Azərbaycan ordusu özünün nəyə qadir olduğunu göstərdi. Düzdür, təbii ki, bizə dəstək verən qardaş, müttəfiq dövlətlərin də köməyini heç vaxt unutmaq olmaz. Amma bütövlükdə döyüşən də, qalib gələn də Azərbaycan əsgəri oldu. Ümumiyyətlə, ordu idarəçiliyində müəyyən nöqsanlar olsa da, Azərbaycan əsgəri həmişə möhtəşəm olub, qəhrəman olub. Ordunun da özəyini Azərbaycan əsgəri təşkil edir. Və həmin qəhrəman əsgər özünü döyüşlərdə göstərdi. Şuşanın azadlığı kimi fenomenal bir döyüş əməliyyatı apardı bu əsgər... Və hamımız bununla qürur duymalıyıq. Hesab edirəm ki, Azərbaycan ordusu bu gün istənilən baxımdan, həm hərbi təchizat, həm təlim və döyüş qabiliyyəti baxımından çox güclü ordudur. Və Milli Ordumuz dünya hərb tarixində elə bir qələbəyə möhür vurdu ki, hər birimiz bunu daim təqdir və təbliğ etməyə borcluyuq...
- Rusiya hərbi kontingentinin Azərbaycan torpaqlarına daxil olmasına əsas bəhanə ermənilərin Qarabağa gediş-gəlişini təmin edən Laçın “dəhlizi” adlanan ərazinin təhlükəsizliyinin təmin edilməsi oldu. Bundan sonra hələ 4 il yarım da ərazimizdə qalmalı olan Rusiyanın “sülhməramlı” deyilən hərbi birləşməsinin fəaliyyətinə necə qiymət verirsiz?
- Çox pis. Mən Rusiya hərbi gücünə, Rusiya ordusuna heç vaxt “sülhməramlı” deyə bilmərəm. Çünki bu, daim imperialist bir təfəkkürə malik olan bir dövlətin ordusu olub və təəssüf ki, bu gün də elədir. Düzdü, həmişə onu da qeyd edirəm ki, belə baxışları bütövlükdə rus xalqına aid etmək olmaz. Çünki rus xalqı kifayət qədər nəcib və böyük ürəkli, xeyirxah bir xalqdır. Təəssüf ki. rus dövləti müstəmləkəsi etdiyi bütün xalqları kölə etməyə çalışıb və o cümlədən rus xalqının özünü də. Və nəticədə rus xalqına ona layiq olmayan bir imic qazandırıb. Ona görə də bu dövlətin ordusu da haraya ayaq basıbsa, orada daim qan, faciə olub. Bizlər də 1988-1990-cı illərdən, birinci Qarabağ savaşı illərindən Rusiya ordusunun mahiyyətinə yaxşı bələdik. Odur ki, Rusiya hərbi kontingentinin Laçın dəhlizi və Yuxarı Qarabağda yerləşməsini real olaraq “məxməri işğal” adlandırmaq olar. Yəni bu gün Azərbaycan ərazisində rəsmi sənədlərdə sülhməarmlı kimi görünən, amma praktiki əməllərdə bütün işğal faktorlarına malik bir hərbi birləşmə yerləşib. Bu səbəblərdən biz heç beş ilin tamamını gözləməyə də məcbur deyilik. Dünya artıq 90-cı illərdəki dünya deyil. Və əlimizdə Rusiya hərbi kontingentinin öz rəsmi missiyasından kənar davranışlarını sübut edən kifayət qədər fakt və əsaslar var. Bu da həmin yadelli hərbi birləşmənin Azərbaycan ərazisindən xaric edilməsinə əsas verir... Sadəcə, burada digər məsələlər var. Yəni beynəlxalq münasibətlər sistemindəki nüanslar...Odur ki, hələlik məsələyə bir az təmkinlə yanaşmaq gərəkdir...
-Arif bəy, inşallah, Laçına ayaq basmaq sizə də nəsib olanda ilk olaraq hansı arzunuzu, xəyalınızı yerinə yetirəcəksiniz?
-Təbii ki, öncə dədə-baba qəbirlərini, o cümlədən o torpaqlarda ikən şəhid olmuş dostlarımızın, silahdaşlarımızın məzarlarını ziyarət etmək fikrindəyəm. Uşaqlığımızın, gəncliyimizin keçdiyi təbii məkanları gəzib-dolaşmaq... Sonra isə o doğma yurd yerlərində özümüzə yeni evlər, ocaqlar qurmaq...